Az Ru En

ŞÖBƏLƏRİMİZ / Plazmaferez

PLAZMAFEREZ

 

Plazmaferez nədir? Plazmaferez son illərdə sürətlə inkişaf etməkdə olan müalicə metodudur. Bu termin qanın plazmasının bütöv qandan ayrılması prosesini ifadə etmək üçün istifadə olunur. Plazmaferez zamanı məqsəd zərər görmüş qanı bədəndən kənarlaşdırmaq və sağlam qanı təkrar geri qaytarmaqdır.

 

Plazmaferez, yəni plazmanın qandan kənarlaşdırılıb şəkilli elementlərin təkrar xəstəyə və ya donora geri qaytarılması prosesi ilk dəfə 1902-ci ildə Fransada və 1914-cü ildə Rusiyada həyata keçirilmişdir.

 

Qədim zamanlardan həkimlər bir çox xəstəliklərin müalicəsində qanalmadan istifadə edirdilər. Müasir klinik praktikada isə bu məqsədlə plazmaferezdən istifadə olunur.

 

Plazmaferezin müalicəvi təsirləri: Müxtəlif xəstəliklər nəticəsində qanımızın tərkib hissəsi olan plazmalar zərər görür və bu səbəbdən xəstəlik müəyyən müddət davam edir. Plazmaferez isə bu kimi hallarda istifadə olunan müalicə metodudur və nəticədə zərər görən plazmaların yaxşı vəziyyətdə olan plazmalarla dəyişdirilməsi və ya kənarlaşdırılması baş tutur.

 

Plazmaferez ilk növbədə qan dövranı zamanı xəstəliyin sağalmasının qarşısını alan və ağırlaşdıran pataloji maddələri qandan ayırmaqla detoksikasiya sisteminin funksional vəziyyətini yaxşılaşdırır, qaraciyərə, böyrəklərə və başqa orqanlara toksiki təsiri azaldır. Nəticədə orqanizmin xarici təsirlərə müqaviməti artır, müalicə müddəti azalır.

 

Plazmaferezdən sonra orqanizmin ümumi stimullaşdırıcı reaksiyası yaranır: bütün orqanlarda qan dövranı yaxşılaşır, kapilyar qan dövranının sürəti artır, toxumaların ödəmi azalır, hüceyrə qidalanması və tənəffüsü yaxşılaşır, yerli iltihabi reaksiyalar zəifləyir, qan durulaşır. Plazmaferez nəinki qanı, həmçinin hüceyrə və toxumaları da patoloji maddələrdən təmizləyir.

 

Plazmaferezin növləri: Plazmaferez əsasən iki üsulla aparılır: membran və sentrifuqalı plazmaferez. Hər iki üsulun mahiyyəti eynidir, qandan qanın duru hissəsi olan plazma ayrılır.
       

Membran plazmaferezdə bir və ya iki vena punksiya olunur. Qan filterdən keçir, qanın plazması formalı elementlərdən ayrılır və xüsusi konteynerə yığılır. Bir seans zamanı qandan 500-1000 ml plazma ayrılır. Seans iki-üç saat davam edir.

 

Sentrifuqalı plazmaferez zamanı bir vena punksiya olunur. Xüsusi birdəfəlik konteynerə 450-500 ml qan yığılır. Konteynerdəki qan cihazda qravitasiya təsirinə məruz qalır və plazma formalı elementlərdən ayrılır. Bir seans zamanı 240-280 ml plazma ayrılır. Bir prosedur zamanı bir neçə plazmaferez seansı aparmaq mümkündür. Bir prosedur seansı 45-60 dəqiqə davam edir.

 

Plazmaferez və ozonoterapiya prosedurları yanaşı aparıldıqda müalicəvi təsir daha effektli olur.

 

 

 

© Copyright SEBA 2024 | Created by Lider Web Studio